Hər birimizin həyatında müstəsna yer tutan və gündəlik həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya, daha dəqiq desək, texnoloji avadanlıqlar, hər zaman elm adamlarının diqqət mərkəzində olubdur, və məhz buna görə də daim müxtəlif elmi sahələrin nümayəndələri tərəfindən tədqiq edilmişdir. Lakin, hər bir mövzuya fərqli, qeyri-ənənəvi prizmadan baxmağı sevən sosioloqlar texnologiya mövzusuna da fərqli bucaqdan yanaşaraq olduqca maraqlı nüansları kəşf etmişlər. Sosiologiya elmində texnologiya tək bir formada yox, texnologiyanın cəmiyyətlə əlaqəsi kimi tədqiq olunur. Demək olar bütün sahələrdə olduğu kimi bu sahədə də fikir ayrılığı mövcuddur; technological determinism və social determinism.
Sosioloqları maraqlandıran əsas sual odur ki hansı amil hansına daha çox təsir edərək onun formalaşmasında rol oynayır. Yəni ki, texnologiya cəmiyyəti formalaşdırır yoxsa cəmiyyətin ehtiyacları və istəyi texnoloji sənayenin gedişatını müəyyənləşdirir? Bu sualdan da aydın göründüyü kimi sosiologiya sahəsində bu mövzuya dair iki təzadlı perspektiv var. Bir qrup (technological determinism cərəyanı) iddia edir ki texnoloji inkişaf cəmiyyəti formalaşdırır və onun inkişaf istiqamətlərini müəyyən edir. Digər qrupa görə isə (social determinism) cəmiyyətin istəkləri texnologiya sənayesinin vəziyyətini müəyyən edir, yəni ki texnoloji sənaye sırf cəmiyyətin ehtiyaclarına görə çalışır.
Texnoloji determinism
Dünya tarixində bu günə kimi bir çox dönüş nöqtələri olub, və bu dönüş nöqtələrindən biri plan Sənaye İnqilabı məhz texnoloji innovasiyaların sahəsində gerçəkləşib. 18-ci əsrdə baş verən Sənaye İnqilabı ilk öncə qərbi Avropa, daha sonra isə Amerika və bütün dünyanın mənzərəsini köklü şəkildə dəyişdi. Şotland mühəndis *James Watt və ingilis *Matthew Boulton bu hadisənin baş rolunda idilər, çünki məhz onların birgə kəşf etdikləri buxarla işləyən mühərrik Sənaye İnqilabının simvoluna çevrilən zavod və fabriklərin yaranmasına və effektiv şəkildə məhsul istehsal etməsinə səbəb oldu. Eyni zamanda kimya, fizika və mühəndislik sahələri üzrə əldə olunan çoxsaylı innovasiyalar sadə insandan tutmuş ən yüksək sosial təbəqədə olan şəxslərin həyatına mühim təsir etdi. Yeni tibbi kəşflər və istilik sistemləri insanların ömürünü uzaltdı, dəmir yolları insanların coğrafi əhatəsini genişləndirdi, iqtisadi əlaqələri gücləndirdi. Yeni gəmilərdən istifadə edilərək daha da uzaq kəşf olunmamış yerlərə getmək mümkün oldu, hansı ki bir çox mühim coğrafi kəşflərə və daha sonra isə yeni torpaqların koloniyalaşdırılmasına səbəb oldu. İllər keçdikcə ilk sənayeləşən ölkələr iqtisadi gücə, daha sonra isə iqtisadi gücün verdiyi siyasi gücün sahəsində dünyada hegemon mövqeyə sahib olmağa başladılar. Dünya hətta nəzəri olaraq xəritədə iki təzadlı hissəyə də bölünməyə başladı (Brandt xəritəsi) ; Şimal (hegemon qərbi Avropa, Amerika, Yaponiya) və Cənub (qalan digər ölkələr). İndiki zamana kimi də bu vəziyyət elə də kəskin dəyişməyib, hərçənd inkişaf etmiş dövlətlərin sayı indi daha çoxdur (Çin, Cənubi Korea, Cənubi Afrika-hamısı Bertrand xəritəsinin cənub hissəsinə aid idi). Müasir dövrdə də adı çəkilən dövlətlər daha üstün siyasi-iqtisadi mövqedə duraraq öz idealarını özlərindən aşağı təbəqələrdə duran dövlətlərə diqtə edirlər. Qısa formada yekunlaşdırsaq, texnologiyanın ortaya çıxartdığı məhsullar qərb dünyasının 18-ci əsrdən başlayan və indi də davam edən hegemonluğunun fundament daşı rolunu oynayaraq dünya tarixinin gedişatını dəyişdi. Daha da müasir nümunələrə gündəlik həyatda istifadə etdiyimiz texnoloji əşyaları göstərə bilərik. Əgər qatar, təyyarə, maşın və digər nəqliyyat vasitələri olmasaydı dünyanın hazırkı mənzərəsi olduqca fərqli olardı. Müasir dövrün ən aktual mövzularından olan qloballaşma ( *globalisation ) baş verməz, xalqlar və dövlətlər arasında əlaqələr belə sıx olmazdı. Telefon və internetsiz müxtəlif coğrafi məkanlarda yaşayan insanlar arasında əlaqə indiki kimi yaxın ola bilməzdi. Bu nümunələr açıq-aydın texnologiyanın cəmiyyət üzərindəki nəzərə çarpacaq dərəcədə təsir gücünün olduğunu nümayiş edir. Lakin, əks mövqenin də tutarlı arqumentləri var, hansılar ki bizləri bu məsələyə tənqidi nöqtədən baxmağa vadar edir.
Yorumlar
Yorum Gönder